“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

65 illik yubiley

News Image

65 illik yubiley

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarında çalışan, Aşağı Göycəli kənd tam orta məktəbinin müəllimi Rəna Ələkbərovanın 65 illik yubileyi münasibətilə təbrik etdik.

65 il ömür yolunun, uzun illər pedaqoji fəaliyyətin və şagirdlərin təlim-tərbiyəsinə həsr olunmuş zəhmətin ifadəsidir. Müəllimlik yalnız bilik öyrətmək deyil, həm də gələcək nəsillərin formalaşmasına, onların dünyagörüşünə və həyat yoluna təsir göstərmək kimi böyük məsuliyyətdir.

Rəna müəlliməyə bu əlamətdar yubiley münasibətilə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və hüzur dolu bir həyat arzuladıq.

Dəyərli müəllimlərimizin hər birinin keçdiyi ömür yolu və təhsilə verdiyi töhfə bizim üçün böyük qiymətdir.

7 oktyabr – Layiqli Əmək Günü

News Image

7 oktyabr – Layiqli Əmək Günü

7 oktyabr – Layiqli Əmək Günü münasibətilə Ağstafa rayon Həsənsu kənd tam orta məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə işəgötürənlərin və işçilərin iştirakı ilə tədbir keçirildi.

Tədbirdə layiqli əməyin əsas prinsipləri – əmək hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, əməyin ədalətli qiymətləndirilməsi, sosial təminat və işçi ilə işəgötürən arasında qarşılıqlı hörmət və əməkdaşlığın əhəmiyyəti vurğulandı.

Çıxışlarda qeyd olundu ki, layiqli əmək yalnız əməkhaqqı deyil, insan əməyinə və ləyaqətinə hörmət, hüquqların qorunması və işçinin özünü dəyərli hiss etdiyi sağlam əmək mühitidir. Belə mühit həm işçinin rifahına, həm də təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin davamlı inkişafına xidmət edir.

Tədbirdə həmkarlar ittifaqlarının işçilərin əmək və sosial hüquqlarının müdafiəsində, layiqli əmək şəraitinin formalaşdırılmasında və sosial dialoqun gücləndirilməsində rolu xüsusi qeyd olundu.

Tədbirin sonunda əmək fəaliyyətində fərqlənən bir neçə həmkar üzvümüz Layiqli Əmək Günü münasibətilə təltif olundular. Bu təltiflər əməyə verilən dəyərin və zəhmətin qiymətləndirilməsinin nümunəsidir.

Layiqli əmək – əməyə hörmət, hüquqa ədalət və insan ləyaqətinə verilən dəyərdir.

Əməyi ilə təhsilimizin inkişafına töhfə verən bütün əməkdaşları Layiqli Əmək Günü münasibətilə təbrik edir, hər birinə uğurlar arzulayırıq.

92 yaşlı Nigar xanım Sanıyevanı ziyarət etdik

News Image

92 yaşlı Nigar xanım Sanıyevanı ziyarət etdik

5 Oktyabr – Müəllimlər Günündə qocaman müəllimlərimizdən biri, 92 yaşlı Nigar xanım Sanıyevanı ziyarət edərək bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik etdik.

Nigar müəllimə ömrünü müəllimlik kimi müqəddəs bir peşəyə həsr edib, savadlı, ziyalı və vətənpərvər insanların yetişməsində böyük xidmətlər göstərib. Bu gün onun həyat yoluna nəzər salanda bir müəllimin əməyinin neçə-neçə insanın taleyinə işıq saldığının şahidi oluruq.

Nigar xanım həm də torpaqlarımızın azadlığı uğrunda iki oğlunu şəhid vermiş qəhrəman bir anadır. Onun qarşısında həm bir müəllimə, həm də şəhid anası kimi baş əyir, dərin ehtiramımızı bildiririk.

Ən böyük sevincimiz isə Nigar müəllimənin ziyarətimizdən duyduğu məmnuniyyəti görmək oldu. Göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərkən gözlərindəki sevinc, üzündəki təbəssüm bizim üçün ən böyük mükafat idi.

Bəzən bir insanı sevindirmək üçün çox şey lazım deyil. Bir qapını döymək, xoş söz söyləmək, xatırlamaq və “Siz bizim üçün dəyərlisiniz” demək kifayətdir.

Nigar ana, Nigar müəllimə, Nigar xanım!

Sizin sevincinizə şahid olmaq, bu gözəl gündə sizi təbrik etmək bizim üçün böyük xoşbəxtlikdir.

Allah sizə möhkəm cansağlığı, uzun ömür versin. Şəhid övladlarınızın ruhu qarşısında baş əyirik. Sizin kimi dəyərli müəllimlərimizin xatirəsi, zəhməti və həyat yolu hər zaman ehtiramla yad ediləcək.

Müəllimlər Gününüz mübarək, əziz Nigar müəllimə!

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü

News Image

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin təşkilatlarında çalışan müəllimlərin iştirakı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə geniş və yaddaqalan bayram tədbiri keçirildi.

Tədbirə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə müəllim əməyinin cəmiyyətin inkişafında, savadlı, vətənpərvər və layiqli nəslin yetişdirilməsində əvəzsiz rolu vurğulandı. Qeyd edildi ki, müəllimin əməyinə verilən dəyər yalnız bir günlə məhdudlaşmamalı, onun zəhməti daim diqqət və ehtiramla qiymətləndirilməlidir.

Həmkarlar ittifaqının təhsil işçilərinin hüquq və mənafelərinin müdafiəsi, sosial təminatının və əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlər də diqqətə çatdırıldı.

Tədbir xoş ovqat, səmimi görüşlər və qarşılıqlı təbriklərlə davam etdi. Müəllimlərə göstərilən diqqət və qayğı onların peşə həmrəyliyinin və həmkarlar ittifaqı ətrafında birliyinin daha bir ifadəsi oldu.

Tədbirin daha bir duyğulu məqamı isə 44 günlük Vətən müharibəsi şəhidi Qurban Mehdiyevin anası Nahidə müəllimənin doğum gününün həmin günə təsadüf etməsi oldu. Nahidə xanım həm Müəllimlər Günü, həm də doğum günü münasibətilə tədbir iştirakçıları tərəfindən səmimi-qəlbdən təbrik edildi, ona möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulandı.

Əziz müəllimlər!

Sizin əməyiniz gələcəyin təməlidir. Verdiyiniz hər bir bilik, aşıladığınız hər bir mənəvi dəyər cəmiyyətimizin gələcəyinə qoyulan ən dəyərli sərmayədir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi adından bütün müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

İttifaq üzvü olma şərəfdir

News Image

İttifaq üzvü olma şərəfdir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin təşkilatlarından olan Qıraq Kəsəmən kənd tam orta məktəbinin müəllimi Kəklik Vəliyevanı 65 yaşını tamamlaması münasibətilə, 5 Oktyabr – Müəllimlər Günü ərəfəsində ziyarət edərək təbrik etdik.

Uzun illər pedaqoji fəaliyyəti ilə təhsil sahəsinə öz töhfəsini verən Kəklik müəlliməyə göstərdiyi fədakar əməyə görə təşəkkürümüzü bildirdik, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və həyatının bundan sonrakı mərhələsində hər zaman huzur, sevinc və xoşbəxtlik arzuladıq.

Müəllimlik yalnız bir peşə deyil, insan ömrünə və gələcək nəsillərə toxunan böyük bir missiyadır. 65 illik ömrün əlamətdar bir mərhələsini yaşayan Kəklik müəlliməyə bundan sonrakı həyatında da sağlamlıq və könül rahatlığı, hər yeni günündə sevinc və xoş anlar diləyirik.

Dəyərli müəllimlərimizin əməyinə hörmət göstərmək, onların həyat yoluna və zəhmətinə ehtiramla yanaşmaq bizim üçün hər zaman mənəvi borcdur.

95 Yaşlı qocaman müəllimə ilə görüş

News Image

95 Yaşlı qocaman müəllimə ilə görüş

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

Ağstafa Rayon Komitəsi olaraq 95 yaşlı qocaman müəllimə ilə görüşdük.

Müəllimlik ömür boyu daşınan şərəfli bir addır.

Ağstafa rayon təhsilinin ziyalı ordusunun yetişməsində böyük fədakarlıq göstərmiş, zəngin pedaqoji fəaliyyəti və peşəkarlığı ilə seçilən 95 yaşlı qocaman müəllimimiz Zeynalova Gülabətin müəlliməni 5 Oktyabr – Müəllimlər Günü ərəfəsində ziyarət etdik, onunla görüşərək bayramını təbrik etdik.

Gülabətin müəllimənin keçdiyi şərəfli həyat yolu, uzunillik pedaqoji fəaliyyəti və illərin süzgəcindən keçmiş dəyərli tövsiyələri hər birimiz üçün böyük örnəkdir. Onun söylədiyi fikirlər bir daha göstərir ki, əsl müəllim yalnız bilik öyrədən deyil, həm də şəxsiyyət yetişdirən, öz davranışı, vicdanı və həyat yolu ilə gələcək nəsillərə nümunə olan insandır.

Belə dəyərli ziyalılarımızın həyat təcrübəsi gənc müəllimlər üçün əsl məktəbdir. Onların keçdiyi yol pedaqoji peşənin məsuliyyətini, müəllim adının ucalığını və bu şərəfli ada layiq olmağın vacibliyini xatırladır.

Arzu edirik ki, hər bir müəllimimiz “Müəllim” adının məsuliyyətini vicdanla dərk etsin, bu şərəfli adı öz əməli, zəhməti və mənəvi dəyərləri ilə uca tutsun.

Çünki müəllim varsa, gələcək var; müəllim varsa, elm, təhsil və mənəvi dəyərlər var.

Gülabətin müəlliməyə möhkəm cansağlığı, uzun ömür və doğma Ağstafa təhsilinin inkişafına şahidlik etdiyi daha neçə gözəl illər arzulayırıq!

92 Yaşlı qocaman müəlliməmiz

News Image

92 Yaşlı qocaman müəlliməmiz

1 Oktyabr – Ahıllar Günü və Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri şöbəsinin müdiri Elnur Sadıqovun iştirakı ilə ETİHİ Ağstafa Rayon Komitəsi nin keçirdiyi unudulmaz görüşlərdən biri 92 yaşlı qocaman müəlliməmiz Sürəya Bayramova ilə oldu.

Ağstafa təhsilinin inkişafına uzun illər ərzində böyük töhfələr vermiş, neçə-neçə şagirdin həyatına işıq salmış Sürəya müəlliməni evində ziyarət edərək, onu Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik etdik.

Sürəya müəllimə ilə söhbət etmək, onun zəngin xatirələrini dinləmək, uzun illərdən süzülüb gələn müəllimlik ömrünün izlərinə şahid olmaq bizim üçün olduqca dəyərli və duyğulu anlar idi.

Sürəya müəllimənin ömür yolu bir daha göstərir ki, əsl müəllim yalnız sinifdə dərs demir – o, bütöv bir nəslin, bir cəmiyyətin yaddaşında iz qoyur. Onun kimi fədakar və zəhmətkeş müəllimlərimizin həyat yolu gənc nəsil üçün örnək, illərlə çəkdikləri zəhmət isə heç vaxt unudulmayan bir məktəbdir.

Müəllim ömrü – yetişdirdiyi nəsillərin yaddaşında davam edən ömürdür.

Ahıllarımıza hörmət, müəllimlərimizə ehtiram bizim mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir.

Əziz müəllimlər!

Sizin əməyiniz, fədakarlığınız, verdiyiniz bilik və yetişdirdiyiniz nəsillər ölkəmizin gələcəyinə bəxş etdiyiniz ən böyük töhfədir. Sizə göstərilən diqqət və ehtiram, əslində, gələcəyimizə verilən dəyərdir. Sizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Müəllim əməyinə hörmət – gələcəyə hörmətdir

News Image

Müəllim əməyinə hörmət – gələcəyə hörmətdir

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi olaraq rayonumuzun bir sıra ümumtəhsil müəssisələrində müəllimlərlə görüşlər keçirərək onların bayram sevincini bölüşdük, şərəfli və məsuliyyətli fəaliyyətlərinə göstərdiyimiz dərin hörmət və ehtiramı ifadə etdik. Fəxri Nağıyev adına Tatlı kənd tam orta məktəbində, Hümmət Əlizadə adına Köçəsgər kənd 1 nömrəli tam orta məktəbində, Ə. Həmidoğlu adına Aşağı Göycəli kənd tam orta məktəbində, Asim Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində, Xanməmməd Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində keçirildi.

Görüşlər zamanı təhsil sahəsində səmərəli fəaliyyəti, yüksək peşəkarlığı, fədakar əməyi və əldə etdiyi nailiyyətlərlə fərqlənən müəllimlər və kollektivlər Fəxri Fərmanlarla təltif olundular.

Bu təltiflər yalnız bir mükafat deyil, müəllim əməyinə verilən yüksək dəyərin və zəhmətə göstərilən ehtiramın ifadəsidir.

Tədbirlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri üzrə şöbə müdiri Elnur Sadıqov, Qazax–Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov, Ağstafa Rayon Təhsil Sektorunun müdiri Mədəd Zeynalov, məktəb direкtoru, müəllimlər və həmkarlar ittifaqı fəalları iştirak etdilər.

Müəllim yalnız bilik öyrətmir. O, düşünən, araşdıran, yaradan və Vətənə layiqli vətəndaş yetişdirən böyük bir məktəbdir.

Əziz müəllimlər!

Sizin əməyiniz bu günün deyil, gələcəyin təməlidir. Hər bir şagirdin uğurunda, hər bir nəslin formalaşmasında sizin zəhmətiniz, səbriniz və ürəyinizdən verdiyiniz pay var.

Bütün müəllimlərimizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, şərəfli fəaliyyətinizdə möhkəm cansağlığı, tükənməz enerji və yeni uğurlar arzulayırıq!

Müəllim əməyinə hörmət – gələcəyə hörmətdir!

Vətən uğrunda ölən varsa, Vətən var

News Image

Vətən uğrunda ölən varsa, Vətən var

27 Sentyabr – Anım Günü münasibətilə

ETİHİ Ağstafa Rayon Komitəsi nin əməkdaşları Ağstafa rayonunda yerləşən Yanar Məşəl Abidə Kompleksində keçirilən anım tədbirində iştirak etdilər. Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyuldu, şəhidlərimizin müqəddəs xatirəsi dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildi.

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Onların göstərdiyi misilsiz şücaət və Vətən sevgisi gələcək nəsillər üçün daim örnək olacaq.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi şəhidlərimizin əziz xatirəsini daim uca tutur, onların ailələrinə göstərilən diqqət və qayğını öz fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

27 Sentyabr – Anım Günü

News Image

27 Sentyabr – Anım Günü

27 Sentyabr – Anım Günü münasibətilə

ETİHİ Ağstafa Rayon Komitəsi Qazax-Tovuz Regional Təhsil Idarəsinin Ağstafa rayonu təhsil sektorunun birgə təşkilatçılığı ilə Ağstafa rayon təhsil sektorunun nümayəndələri, qazilər, şəhid ailələri və təhsil ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə anım tədbiri keçirildi.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, onların ailələrinə diqqət və qayğını ifadə etmək, Vətən müharibəsi iştirakçılarına və qazilərimizə minnətdarlığımızı çatdırmaq, həmçinin gənc nəslə vətənpərvərlik və milli-mənəvi dəyərləri aşılamaqdır. 27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm böyük hüzn, həm də milli qürur günü kimi yaşayır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın birliyini, həmrəyliyini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, göstərdikləri qəhrəmanlıq gələcək nəsillər üçün əsl Vətən sevgisi və sədaqət nümunəsi olacaq.

Tədbirdə çıxış edən qazilərimiz Vətən müharibəsi zamanı yaşadıqları döyüş xatirələrindən bəhs edib, şəhid silahdaşlarının göstərdiyi qəhrəmanlıqdan söz açdılar.

Şəhid ailələrinin nümayəndələri isə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, şəhidlərin xatirəsinin daim uca tutulmasının onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını vurğuladılar.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi olaraq hesab edirik ki, şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət yalnız müəyyən günlərlə məhdudlaşmamalı, daim davam etdirilməlidir. Çünki bu insanlar Vətənimizin bütövlüyü və xalqımızın gələcəyi naminə ən böyük fədakarlığı göstəriblər.

Bu gün biz şəhidlərimizin qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq.

Şəhidlər ölməz, Vətən bölünməz!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bilik Günü münasibətilə tədbir keçirildi

News Image

Bilik Günü münasibətilə tədbir keçirildi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi olaraq yeni 2026–2027-ci tədris ilinin başlanması və Bilik Günü münasibətilə Ağstafa rayonunun Muğanlı kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirdik. Görüş zamanı təhsil işçilərini yeni tədris ili münasibətilə təbrik edərək, hər bir müəllimə şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzuladıq. İnanırıq ki, müəllim əməyinə verilən dəyər, müəllimlərin fədakarlığı və peşəsinə bağlılığı gələcək nəslin savadlı, vətənpərvər və layiqli vətəndaş kimi yetişməsində mühüm rol oynayacaq.

Görüşümüzün daha bir xoş məqamı isə kollektivimizin dəyərli üzvü, 65 illik yubileyini qeyd edən Güsənəm müəllimənin həmkarlar ittifaqı olaraq təbrik edilməsi oldu. Ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində yeni uğurlar arzuladıq.

Eyni zamanda, 2026–2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərərək müəllim adını qazanan üç gənc həmkarımızın müəllimlik fəaliyyətinə başlaması münasibətilə keçirilən and içmə mərasimində iştirak etdik.

Gənc müəllimlərimizi təbrik edir, onlara bu müqəddəs və şərəfli peşədə uğurlar arzulayırıq. Əminik ki, onların hər biri müəllim adının məsuliyyətini dərk edərək, öz bilik və bacarıqları ilə gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinə layiqli töhfələr verəcək.

Müəllim adı şərəfdir, məsuliyyətdir və böyük etimaddır!

Yeni tədris ili bütün müəllimlərimiz, şagirdlərimiz və təhsil ictimaiyyətimiz üçün uğurlu, xeyirli və yaddaqalan olsun!

Sədr dəyişikliyi ilə bağlı görüş keçirildi

News Image

Sədr dəyişikliyi ilə bağlı görüş keçirildi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETIHI Ağstafa Rayon Komitəsinin təşkilatlarından olan Pirli kənd tam orta məktəbində həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi və aktivliyinin artırılması məqsədilə sədr dəyişikliyi ilə bağlı görüş keçirildi.

Görüş zamanı, ilk növbədə, məktəbin kollektivinin qarşıdan gələn yeni tədris ili münasibətilə təbrikləri çatdırılıb, təhsil işçilərinə fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və məhsuldar əmək arzulandı.

Daha sonra kollektivin rəy, təklif və iradları dinlənilib, həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin daha səmərəli qurulması, üzvlərin hüquq və mənafelərinin müdafiəsi, onların sosial məsələlərinə diqqətin artırılması istiqamətində fikir mübadiləsi aparıldı.

Görüşün sonunda həmkarlar ittifaqı təşkilatının yeni sədrinin seçilməsi ilə bağlı demokratik və şəffaf səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, kollektivin etimadını qazanan namizəd həmkarlar ittifaqı təşkilatının yeni sədri seçildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi olaraq yeni sədrə fəaliyyətində uğurlar arzulayır, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması, sosial rifahının və əmək şəraitinin yaxşılaşdırılması istiqamətində qarşıdakı fəaliyyətində müvəffəqiyyətlər diləyirik.

Hər bir həmkarlar ittifaqı üzvümüz dəyərlidir!